Zaman yavaş-yavaş bölünür, kiçik hissələrə parçalanır. Gözləmək. Gözləməkdən dəhşətli nə var? Dəhlizdə nəzarətçinin addımları... İlahi, bu gün bir-bir kameraları boşaldırlar. İndi mənim növbəmdir. İndi - mənim növbəmdir! Üç saat sonra cəsəd olacağam, bu bədən öləcək, indi məni daşıyan bu ayaqlarım - quru taxta olacaq, bu əllərim - işləyən, tumarlayan, günah işlədən bu əllərim - çürük ət parçası olacaq! Bu ola bilməz, amma olacaq!
Ölüm qorxusunu günlərlə, aylarla uzatmaq - necə ağlasığmaz qəddarlıqdır. Bu, hər hansı hüquqi prosedurla, ya da əfv ərizəsinin cavabının uzanmağı ilə əlaqəli deyildi. Bəziləri deyirdi ki, cəlladın o qədər işi var ki, çatdıra bilmir. Sadəcə bazar ertəsi və cümə axşamları işləyir. Cəllad həmişə yol üstə idi, bütün ölkə boyu, hətta ölkədən kənar işğal Edilmiş yerlərdə də edamlar icra edirdi. Bəs, necə olur ki, eyni cinayətdən edam cəzası alan iki məhkumdan biri o birindən yeddi ay tez edam edilirdi? Yox, burada da eyni qəddarlıq, eyni sadizm hökm sürürdü; burada heç kimi döymür, fiziki işgəncə vermirdilər, burada kameralara zəhər sızdırırdılar, burada ölüm qorxusunun insan ruhunu bir dəqiqə də olsun tərk etməyinı imkan vermirdilər.
Bir məhbusa öz ölümünü özü müəyyən etməyə imkan vermək olmaz - bu cinayətdir və cinayətə şərik olmaqdır. Ölümə yalnız dövlət və onun orqanları qərar verməlidir.