Əgər kiminsə kiçik bir ağrısı varsa onu hiss eləməməyin, ya da unutmağın ən yaxşı yolu daha böyük bir ağrıdı. Daha böyük yaraların yanında kiçik yaralar gözə dəymir. Mənim yaram isə daha dərində – ürəyimdə idi.
Dünya mənim üçün bu qədər iyrənckən, hər şey süni və cansıxıcı ikən və ən əsası da dünyada tək-tənha ikən məni yaşamağa sövq edən nədi? Nədi bu yaşam həvəsi canlılarda?
Biz hər kəsi tanıyırıq. Hər kəsin ağlından nə keçdiyini, nə fikirləşdiyini bilirik. Özümüzdən başqa. Özümüzü bir fincan qəhvəyə qonaq edib, özümüzlə söhbət edib, özümüzlə tanış olmaq heç vaxt ağlımıza gəlməz. Başımız əziyyət çəkərək daha çox pul qazanıb ətrafdakıların gözünə soxmağa, daha yaxşı geyim, daha müasir maşın, daha dəbdəbəli ev, daha mükəmməl smart cihazlar əldə eləməyə elə qarışıb ki, özümüzü tamamilə unutmuşuq.