Mən bu kitabı oxuyanda elə bildim ki, Dostoyevski illər əvvəl mənim beynimə girib, orda dolaşıb, sonra çıxıb deyib: “Gəl, sənə səni göstərim”. Və göstərdi. Deyim ki, xoş oldu? Xeyr. Amma həqiqət idi. Həqiqət heç vaxt rahat olmur.
Gecə yarısı bitirdim bu romanı. Amma bitirmək deyəndə – kitab qapanır, amma insanın içində bir şey açılır, açıldıqca da ağrıyır. Gözüm tavanı görürdü, beynim Nataşanın gözlərində idi, Vanyanın acizliyində, Nelli'nin ölü bədənində... Mən dostlarımı, özümü, sevdiklərimi düşündüm. Düşündüm ki, bu roman heç də bir hekayə deyil – bu roman bizim haqqımızda yazılıb. Mənim haqqımda. Sənin, onun, hər kəsin.
“Dostoyevski psixoloji yazır” deyirlər. Yox. Dostoyevski psixoloji yazmır – psixologiyanın özüdür.
Kitabdakı bütün obrazların – yaxşısının, pisinin – içi açılıb önümüzə qoyulub. Knyaz Valkovski'yi oxuyanda nifrət edirəm. Amma bir də baxıram ki, o nifrətin içində tanış bir şey var – bəlkə də məndən bir parça. Sonra utanıram, susuram. Dostoyevski mənə bunu çox edir – mənə özümü göstərir, və deyir: "Gör, sən də beləsən". Ən pisi də budur – bəli, mən də beləyəm.
Vanya – sevgisini içində boğub başqasının xoşbəxtliyi üçün yaşayan bir yazıçı. Elə yazıçı deyil, bir ağrıdır o. Kitabı oxuyarkən elə bildim, Dostoyevski Vanya vasitəsilə susduğumuz bütün duyğuları danışır. Bu qədər sevib susmaq – bu qədər bağlı olub imtina etmək – yalnız əzilənlərin alfabesidir.
Nataşa – ailəsindən ayrılmış, sevgiyə sığınmış bir qadın. Amma o sevgi də onun içini parça-parça edir. O qədər güclü, bir o qədər də qırılmışdır. Mən çox insan gördüm bu həyatda – amma onların heç biri Nataşa qədər mənim qəlbimi sındırmadı.
Nelli – o artıq bir obraz deyil. O, uşaq üzlü, acı gözlü, yetim bir insanlığın heykəlidir. Onun əli Vanyanın əlində olanda mən özümü tutub ağlamamaq üçün