Ancaq indi mən üzümü burdakı hamıya, xüsusilə də Qurbana tutub sual verirəm. Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən?
Burada yüzlərlə fərqli insan, yüzlərlə fərqli həyat var idi. Bu insanlar illər sonranın xəyallarını, planlarını qurub həyatlarını yaşayırlar, lakin beş dəqiqə sonra belə həyatın onlar üçün nələr hazırladıqlarından xəbərsizdirlər. Amma bəlkə də həyatı maraqlı edən cəhətlərdən biri də budur. Bəlkə də insan gələcəyi bilərək yaşasa artıq onun üçün yaşamağın heç bir marağı qalmazdı.