Ancaq səninlə, az da olsa, həmrəyəm: həyatın mənası yoxdur. Daha doğrusu, həyatın standart mənası yoxdur. Sən nə məna versən, həyatın da o mənaya bürünəcək. Həyatı çılpaq vücuda bənzədə bilərsən; rəngbərəng və fərqli paltarlar vücuda fərqli görünüş verdiyi kimi, həyatına gətirəcəyin fərqli mənalar da onun istiqamətini və keyfiyyətini dəyişə bilər.
Dəniz həm də sakitlik deməkdir. Bəzən üstündə fırtınalar və çovğunlar əssə də, o, daxildən sakitdir. Dənizin gücü dərinliyindəki sakitliyindədir. Sakitlik böyük gücdür və özünəinamın nişanəsidir. İnsan da belədir. Daxili dünyası dərin olan insan ətrafında nə qədər problem olsa da, həmişə özünəinamın və özü ilə bir ahəngdə yaşamağın bəxş etdiyi dinclik içində olar.
İndiki ünsiyyətimizdə qeyri-adi heç nə axtarma. Tarix boyunca insanlar bir-birinə bildiklərini öyrədib, bir-birindən bilmədiklərini öyrənib və ya sadəcə, hər hansı təmənna güdmədən ünsiyyət qurmağı bacarıblar. Bütün bunlar da normal qarşılanıb. Kiminsə bildiklərini paylaşmasının qəribə qarşılanması indiki zəmanənin qəribəliklərindəndir. Burada səninlə bölüşdüklərim başqalarından öyrəndiklərimin, oxuduqlarımın, yaşadıqlarımın və müşahidə etdiklərimin – həyat təcrübəmin bəhrəsidir. Bir vaxtlar da kimsə bildiklərini mənimlə paylaşaraq həyat yolumda əlimdən tutub. Mən də bu faydalı məlumatları-Mənanı başqaları ilə paylaşmağı özümə vəzifə bilmişəm. Vaxt gələcək nə demək istədiyimi daha aydın anlayacaqsan. O zaman sən özün də inandığın həqiqətləri başqaları ilə paylaşmaq ehtiyacı hiss edəcəksən.
Dənizin də insanlara öz ismarışı var. O, ilk baxışdan sadə, təkcə mavi rəngdə və hamar görünsə də, içində çox zənginliklər və sirlər gizlədir. Dənizin dərinliklərinə enmədən onun sirli və zəngin daxili dünyasını kəşf etmək mümkün deyil. Bax bəzi insanlar da bu cəhətdən dənizə bənzəyir; sadəlikləri içlərindəki zənginliyin nişanəsidir. Daxildəki zənginlik zahirdəki sadəliklə düz mütənasibdir: daxil zənginləşdikcə, zahir daha da sadələşir. Dənizdə olduğu kimi, insanı da onun dərinliyinə enmədən tam kəşf edə bilməzsən. İnsanın daxilini tanımadan xarici görünüşünə görə mühakimə etmək qərəzli davranışdır və ona qarşı ən böyük haqsızlıqdır.