Düşünə bilərik ki, ailə insanın daha çox güvəndə olduğu mühitdir və oraya bullinq sirayət edə bilməz. Təəssüf ki, bəzən ailə mühitində də həm fiziki, həm də psixoloji şiddət baş verir və doğma insanlar - valideynlər, qardaş-bacı, qohumlar tərəfindən törədildiyi üçün "normal" hal kimi qəbul edilir. Məsələn, uşağın istəklərini, ehtiyaclarını davamlı şəkildə gözardı etmək, hisslərinə önəm verməmək, müxtəlif bəhanələrlə qınamaq, alçaltmaq, hədə-qorxu gəlmək, öz fikrini bildirməyi qadağan etmək, danışdırmamaq, uşağa səfeh, bacarıqsız olduğunu, müqəssirlik, natamamlıq hissini aşılamaq, digər ailə üzvlərini ona qarşı qaldırmaq, həyatını tam və ya qismən idarə etmək, yaxud da bu idarə hüququnu başqa ailə üzvünə vermək. Həmçinin uşağı başqa uşaqlarla müqayisə etmək də bullinqdir. Çoxları bu yolla uşağı motivasiya etdiklərini düşünürlər, əslində isə uşağın şəxsiyyətini alçaldıb, onun nailiyyətlərini kiçiltməklə özünəinam hissini məhv etmiş olurlar. Valideynlərdən hər hansı biri uşağa digər valideynin pis olduğunu deyirsə, yaxud nənə-baba uşağın valideynləri barədə alçaldıcı ifadələr işlədirsə, bu da bullinqin bir forması hesab olunur. Həyat yoldaşları öz aralarında olan ixtilaflarda övladlarını alət etməməli, hansısa valideynin tərəfini tutmasını gözləməməlidirlər. Bunlar uşağın psixikasında ciddi təsir qoyur və çox dərin yanlış inancların kök salması ilə nəticələnir.