Mən onun kölgədə qalan üzünə əyilirəm. O hələ çox ağır nəfəs alır. Üzü islanmışdır, ağlayır. Görünür, mənim bu səfeh nitqlərim ona təsir etmişdir. Mən onun çiyinlərini qucaqlayır və üzümü onun üzünə dayayıram.
– Frans, bəlkə sən Klosterberqdə villalar arasında istirahət evinə yerləşə biləsən, – deyirəm. – Sən orada pəncərədən üfüqdəki ağaclara qədər geniş bir sahəni seyr edə bilərsən. İndi taxıl yetişən gözəl vaxtlardır; axşamlar günəş batarkən tarlalar sədəf kimi parlayır. Bizim balıq tutduğumuz, monastır çay boyu qovaq ağacları sırasını xatırlayırsanmı? Sən orada yenə akvarium düzəldib içində balıq saxlar, kimsədən izin almadan həyətdə gəzişər, hətta könlün istəyəndə piano da çala bilərsən.
Yoxsul və sadə adamlar daha düşüncəli idilər, onlar dərhal müharibəni bir bədbəxtlik kimi qəbul etdilər, halbuki, müharibənin nəticəsini hamıdan əvvəl özlərinə aydın etmələri lazım gələn varlı balaları sevinclərindən nə etdiklərini bilmirdilər.