Mühasirədəyəm... Bir yandan sənli xəyallar, bir yandan yağı düşmən dörd bir yandan üstümə hücum çəkir. Çarəsizəm, sevgilim... Alınmır, onları özümdən uzaqlaşdıra bilmirəm. Ətrafıma baxanda görürəm ki, hamı belədi. Hamının köhnə xatirələrlə hesablaşma içərisində olduğunu görürəm.
Bilirsən də, əsəbi biri deyiləm, özümü sakitləşdirməyi yaxşı bacarıram. Hər halda ki, münasibətimiz boyu sənin dəxlisiz hərəkətlərinə necə səbirlə yanaşdığım yadında olar. Bəlkə də heç yadında deyil. Yəqin ki, unutmusan çoxdan mənlə bağlı hər şeyi. Bağışla, sevgilim, yaddaş məsələsində balıqlardan da geridə olduğunu unutmuşam. Görürsən də, artıq irəliləyiş var, sənlə bağlı nələrisə unuduram. Amma bəs eləmir. Birini uzaqlaşdırıramsa ağlımdan, əvəzinə gözləmədiyim yerdən gəlir zərbələr.
Meşənin ortasında, illərdir insan ayağı dəyməyən yerdəyəm, yanımda da çiyin-çiyinə vuruşduğum can yoldaşım. Qrupdan elə ikimiz qalmışıq. Eybi yox, həyatdı da.
Ətrafımda yüzlərlə düşmən var, qanımı içməyi gözləyən yüzlərlə düşmən. Onlar da sənin kimi meyillidi qan içməyə. Sursatım tükənmək üzrədi. Darağımdakı sonuncu mərmi elə indicə uçub getdi can almağa. Yanımdakı yoldaşımda da vəziyyət eynidir.
Yorulmuşam, sevgilim. Üz-gözüm, əllərim qan içindədir. Əlimi rabitəyə atıram, təbii ki, işləmir. Mərmi onu parça-parça eliyib. Yenə də bir ümidlə sınıq rabitəylə əlaqə saxlamağa çalışıram. Yanımdakı yoldaşım birdən ayağa qalxıb yan tərəfdəki şəhid yoldaşımızın üstündəki rabitəni götürmək üçün qaçmağa başlayır. Bacarmır. Hardan gəldiyi bilinməyən mərmi dağıdır ciyərini. Sürünə-sürünə qayıdır yanıma. Mən isə tamamilə hərəkətsiz və anlaqsız vəziyyətdə yalnız səni fikirləşirəm. Kaş sənə belə rahat aldanmayaydım. Dayan, artıq bəsdir! Qoy nə olursa-olsun. Daha heç nə vecimə deyil, onsuz da öləcəm, özü də şərəfli ölüm. Qarnımda