O günün xatirəsi indi ağır bir daş kimi ürəyimi sıxırdı. Doğrudanmı, hər bir həvəsdən, xeyrli hesab elədiyin işdən axırda bu cür ağır, kədərli xatirədən başqa heç nə qalmır?! Doğrudanmı, məyusluq bizim son mənzilimizdir…
Mən subay çağlarımda ideal ailə həyatı haqqında çox düşünərdim. Bu da sənə ideal ailə! Bu da sənin müqəddəs həyat yoldaşın! Sən onun səadəti üçün özünü oda-közə vurursan, o isə, səni vəzifəbazlıqda, saxtakarlıqda təqsirləndirir. Bundan sonra gəl səmimiyyətdən, məhəbbətdən danış!