Əziz Qənbərov
Cənnətin təsviri məlhəmdir mənə,
Təsiri azalsa düşünüm yenə.
Təsəvvür gətirir məni xoş günə,
Zamanı boş verib, durub, dayanım,
Mən belə xəyaldan necə oyanım ?
Həyatın gerçəkdə acısı vardır,
Üzülən adama cahan da dardır.
Xoş xəyal insana bəhrədi, bardır,
Xeyir düşünəndən yoxdur ziyanım,
Mən belə xəyaldan necə oyanım ?
Həqiqət təsviri gözdə qəhətdir,
Təsəvvür elə bil incə sənətdir.
Qaşqabaq adamda mənfi cəhətdir,
Xoşbəxtlik, səadət budur həyanım,
Mən belə xəyaldan necə oyanım ?
Keçməsin xoş zaman, bitməsin gərək,
Sevinən adamda bükülməz kürək.
Eşq ilə gülərmiş ağlayan ürək,
Sevgidir həyatda əsas bəyanım,
Mən belə xəyaldan necə oyanım ?
Əziz Qənbərov
Əziz Qənbərov
Dərin yuxulardan səs gəlir mənə,
Ayıldım xoş günün gələn zənginə.
Qaranlıq içindən çıxsam ağ günə,
Bürünüm oyanan həyat rənginə.
Düşsəm də bir daha üzülməm əsla,
Kimsənin önündə əyilməm əsla.
Dövranın cəldinə yenilməm əsla,
Nəyin ki, ən zəif, asta, lənginə.
Bitibdir özümlə öz müharibəm,
Sözümlə qüdrətə, gücə sahibəm.
Yenilib yenilgi yenən qalibəm,
Kim çıxar önümdə dözüm dənginə ?
Kəlamlar qanana yetirsə yetsin,
Gedirsə yolunu ağılla getsin.
Gərəkdir yaltağa ehtiyat etsin,
Düşməsin şeirdə sözün cənginə.
Əziz Qənbərov
Əziz Qənbərov Ürəyim çırpınır bilmirəm niyə ?
Başımmı havalı, yoxsa yel əsdi ?
Cavanlıq dərdindən yorulub deyə,
Ömür qocalmağa yaman tələsdi.
Baxıram keçmişə uşaqlıq keçib,
Yaşayıb gördüyüm bəlkə nağıldır.
Həyat hekayəmi qismətim seçib,
Zamanla gedənim köhnə ağıldır.
Yaxındır sabahım az qalıb, çatır,
Keçmişdən almışam zaman dərsini.
Bu günüm keçmişə gələcək satır,
Vaxt deyən ömürdən çıxır hirsini.
Güzgüdən baxıram ağaran telə,
Gücümlə, taqətim tükənir yaman.
Günbəgün ömrümü aparır belə,
Gecikib, sonradan tələsən zaman.
Əziz Qənbərov
Bəzi “dövlətlərdə” üç məhkəmə növü var: məhkəmə, məhkəmədənkənar və ictimai məhkəmə. “Günahı sübuta yetirilənə qədər hamı məhsumdur” - qaydasını hər zaman pozan məhz ictimai məhkəmədir. Hökm verməkdə çox tələsirlər. Verdikləri hökm faktlara, qanuna, bərabərliyə, hətta əxlaqa yox, öz qızğın hisslərinə əsaslanır. Bu da çox vaxt qaralamanınən ağır formasına gətirib çıxarır. Eyni anda media da hədsiz tələskənlik edib günahlandırılan şəxsə məhkum damğası vurur.