Kitab iki hissədən ibarətdir, birinci hissədə qəhrəmanımız Toni Vebsterin uşaqlıq və gənclik illərində yaşadıqları onun ağlında qaldığı şəkildə nəql olunur. Bu hissə daha çox xoşuma gəldi, çünki ingilislərə xas ironiya yazarın az qala hər səhifədə etdiyi göndərmələr, uşaqlıq şıltaqlığı və gənclik alovu ilə birləşib çox dadlı mətn ortaya çıxarıb.
Lakin, ikinci hissədən tam olaraq gözlədiyimi ala bilmədim. Bu hissə də çox yaxşı alınıb, lakin istər-istəməz ərşə çıxan gözləntimin altında qaldı. İkinci hissədə Toni keçmiş ilə üzləşir, 40 il əvvəl yaşadıqlarını təkrar xatırlamalı olur. Bir əmma var ki, beynimiz zamanla keçmişi olduğu kimi saxlamır, onu bizi xoşbəxt edəcək şəkildə dizayn edir. Bu da Tonini dolaşığa salır, əsl gerçəkliklə üzləşdikdə ömrünün ahıl çağında vicdan əzabı çəkməsinə səbəb olur.
Kitabın oxuyucunu düşündürən açıq sonluğundan əvvəl Antoninin dilində "Qarışıqlıqdır, böyük qarışıqlıqdır" ifadəsi işlənir. Kitabı da belə özətləyə bilərik. Ya da qatili olmayan detektiv roman deyib keçmək mümkündü
Tarix heç də vaxtilə mənim Qoca Co Hanta sırıdığım kimi, qaliblərin uydurması deyil - indi bunu dəqiq bilirəm. Tarix sağ qalanların yaddaşıdır, onlarınsa çoxu nə qalibdir, nə də məğlub
Klassik ədəbiyyatda oxumuşduq ki, Məhəbbətlə İztirab ayrılmazdır, ona görə də biz bu yolda əzab çəkməyə hazır idik: təki üfüqdə lap ötəri, xəyali də olsa, bir Məhəbbət işığı görünəydi.
Bizim başqa qorxumuz da vardı: bəs birdən Həyat Ədəbiyyatdan tamamilə fərqlidirsə, onda necə? Elə öz valideynlərimizi götürək. Məgər onlar ədəbiyyat səhifələrindən düşüb gəliblər? Onları, uzaqbaşı, öz ətrafında, gözlərinin qabağında baş verənlərə maymaq-maymaq baxan tamaşaçı, aciz müşahidəçi adlandırmaq olar.