Qatarlar və stansiyalar boyunca əlsiz, ayaqsız, əldən-ayaqdan düşmüş insanlar köhnəlmiş şinel və digər cır-cındır içində, əlil arabalarında və qol ağaclarıyla, bələdçilərlə, evsiz-eşiksiz və böyük narahatlıqla köç edirdilər, yeməkxanalara soxulub sərxoş səs-küylə və ağlayaraq ürəklərini boşaldırdılar. Onların hər birini irəlidə nə gözləyirdi? Nə ilə əvəzolunmaz itkinin yerini doldurmaq olardı?
… ətrafda inni-cinni yox idi, orda-burda işıq yanırdı. Küləkli idi. Məhz bu külək onu qarşılamışdı. Öz doğma Aral küləyi. Dənizin hənirtisi vurdu üzünə. O vaxtlar dəniz lap yaxında idi, dəmir yolunun düz yanında ləpələnirdi. İndi isə heç binoklla da görəmmədin…
Fantastika — həyatın ona yeni, gözlənilməz bir bucaq altında baxmağa imkan yaradan metaforudur. Metaforlar bizim əsrimizdə yalnızca elmi-texniki nailiyyətlərin artıq dünənki fantastikanın ərazisinə daxil olduğuna görə yox, əksinə daha çox bizim içində yaşadığımız, iqtisadi, siyasi, ideoloji və irqçi maraqlarla parçalanan dünyanın fantastik olduğuna görə xüsusən vacib olublar.
Bugünkü şəraitdə nəinki kosmosa stabil çıxış üçün lazımi texniki imkanlar var, hətta bu imkanların reallaşdırılmasını bəşəriyyətin iqtisadi və ekoloji ehtiyacları tələb edərkən, millətlər arasındakı konfliktlərin alovlandırılması, material resursların və beyin enerjisinin silahlanma üçün sərf edilməsi insanlıq əleyhinə ən vəhşi cinayətlərdəndir.
Ola bilsin ki, 20-ci əsrin sonlarının ən faciəvi ziddiyyəti bəşər dühasının sonsuzluğu və imperializmin doğduğu siyasi, ideoloji və irqçi sərhədlərə görə onun reallaşa bilməməsidir.