Varlının oğlanları özlərini çəkib deyirdilər: "'Qoy adamlar bilsinlər ki, ata öləndən sonra yerində necə varlı, cömərd övladları qalıb, onlar atalarını necə urvatlı tuturlar, xatirəsini əzizləyirlər... ("E-e, oğlum, vay o gündən ki, insanlar ağlı ilə yox, var - dövlətlə tanınalar!")
Çoxları heç də o qədər xəstəlikdən deyil, nə qədər özlərini olduğundan daha artıq göstərmək azarının əbədi ehtirasından ölürlər. (Kim istəməz ki, ağıllı, ləyaqətli, gözəl, həmçinin zabitəli, adil, səbatlı adam kimi tanınsın?).
Onun yeganə üstünlüyü bundan ibarət idi ki, kiminsə gözündən düşəcəyindən ehtiyat etmirdi, vəssalam. (Bu cür oturmadın, yersiz danışdın, düz cavab vermədin, elə gülmədin, bu belə olmadı, o belə deyil, elə yox...) Bu mənada Mömün özü də bilmədən son dərəcə xoşbəxt adam idi.
Heç kəs onun üçün ah-nalə etməzdi, ona görə
ki, əvvəla, suya girməyəydi, ikincisi də, o kimin nəyinə gərəkdi. Hələ ki belə bir hadisə baş verməmişdi. Əgər baş versəydi, kim bilir, onu xilas eləməkdən ötrü, bəlkə, nənəsi suya da tullanmazdı. Doğma olsaydı, başqa
məsələ, axı nənəsi ona yad deyirdi. Yad elə yaddır, istəyirsən ağzının tikəsini yedirt, istəyirsən onu gözün üstə saxla. Yad.…. Bəlkə, o, yad olmaq istəmir. Onda necə? Axı nə üçün məhz onu yad hesab eləsinlər? Bəlkə, o yox, nənə özü yaddır?