Yazıçısının Axie Oh–"XOXO" kitabının (oxumamışam, lakin çıxdığı andan etibarən məşhur olduğu üçün bilirəm) yaradıcısı olduğunu bilmədiyim (kitabın ortalarında araşdırmaq yadıma düşdü) bir kitabla qarşınızdayam.
Yazıçının qələmindən oxuduğum ilk kitabdır, lakin məndə yazıçıya qarşı rəğbət oyanmasına səbəb oldu.
Əsər Mina adlı 16 yaşında bir qızın özünü "Dəniz tanrısının gəlini" olmaq uğrunda fəda etməsiylə başlayır. Kitab boyunca Mina sırf xalqının rifah içində yaşaması üçün əlindən gələni edir.
Yaşına baxmayaraq çox cəsarətli bir addım atan Mina bu macərada özünə yeni dostlar tapır. Hə, kitabın ən maraqlı hissəsi də məhz budur; dostluq və fantastika sevginin kölgəsində qalmayıb. Şəxsən mənim ən çox sevdiyim obraz Kirin və Namgi idi. Namgini sevməyim normaldır; çünki bir çox əsərdə belə obraza rast gəlinir və bu mənim ən sevdiyim xüsusiyyətlərdən biridir, amma yazıçı onun əsl həyatını bizə yavaş-yavaş göstərməklə obrazın dərinliyini qurmağı bacarıb. Digər tərəfdən Kirinin həyatını oxumamaq bir az qəlbimə toxundu. Onunla o qədər ortaq cəhətimiz var idi ki...
Digər baş rollarımız Shin və "Dəniz tanrısı" idi. Təəsüf ki, "Dəniz tanrısı"nın əsl adını sona qədər öyrənə bilmirik (heç sonda da real adını öyrənmirik). Hekayəni oxuduqdan sonra, bəlkə də, bu yazdığım cümlə ağlınızı qarışdıracaq, heç nə olmaz. Mən sadəcə spoyler vermədən fikrimi çatdırmağa çalışıram.
İlk başda Minanı kiminlə yaraşdıracağınızı bilmirsinizsə, sizə xoş xəbər, sona qədər iki yol arasında qalırıq. Sevgi üçbucağından nifrət edən biriyəm, amma kitabda bu elə az təsvir olunub ki, insan öyrəşə bilir. Əlbəttə, sondakı bir hadisə bütün psixologiyanızı pozur, amma məncə o halda birindən gözlənilə biləcək bir təklif idi. Axı onu yeganə anlayan o idi...
Spoyler verməmək üçün özümü zor saxlayıram, üzrlü sayın