Günahımı boynuma götürməkdən qorxduğum bütün hərəkətlərimi şeytanın ayağına yazır və öz-özümə tüpürmək əvəzinə, haqsızlığa, təsadüfün pəncəsinə keçdiyimə görə özümə bəraət qazandırır, mərhəmət, imdad istəyirdim. Əzizim, axı şeytanın burada nə günahı? Şeytan bizim qürurumuzun, kütlüyümüzün uydurmasıdır... Bərk ayaqda qaçmaq üçün yol qoyur, bunu uydururuq. İçimizdə heç bir şeytan yoxdur. İçimizdə acizlik və iradəsizlik var... tənbəllik var... İradəsizlik, cahillik və bunların hamısından da qorxulu bir şey—həqiqətin üzünə dik baxmaq qorxusu var...