Hər şey bir-birinə elə dolaşmışdı ki, artıq nəyə kədərlənəcəyini bilmirdi. Dərin bir uçuruma düşürdü sankı. Bu uçurumun dibinə çırpılıb son zərbəni almasına hələ çox var idi.
Lakin elə o anda başqa bir istehzalı fikir əl- qolunu boşaltdı: sən bununla heç nəya nail ola bilməzsən, bu divarlar sənin kimi çox igidin nərəsini udub.
Cəsarət! Bəlkə də, mənim etdiyim bu hərəkət cəsarətdir. Öz hisslərimə meydan oxumaq, öz zəifliyimə təslim olmamaq, bəlkə, budur cəsarət. Məni cəsarətsiz, qorxaq adlandırdı. Eşidirsən, Firuzə, eşidirsən, məni cəsarətsiz adlandırdı. Məgər mübarizəni, inqilabı seçən qadın cəsarətsizmi olar?