Ürək çox qəribə məxluqdur. Qəfildən ağıla gəlməyən qərarlar verir. Və çox vaxtda bu qərarlar özünü doğrultmur. Ürək səhv edə-edə döyünür. Ən pisi budur ki, ürək şüursuzdur, beyinsizdir... O qərar verir, amma saf-çürük etməyi bacarmır.
Yüz faiz əminəm ki, həyatı boyu - olumdan ölümə yol alıb getdikcə ağac da insan kimi düşünür. Yenicə tumurcuqlayanda tez böyümək, yaşıl olmaq istəyir, yaşıl halında ən bəxtəvər, ən xoşbəxt günlərini yaşayır, xəzan yeli vuranda əvvəlki halı üçün acı-acı təəssüf hissi keçirir, ən nəhayət, qupquru, həyat əlamətləri öləzmiş miskin vəziyyətində isə hər yerə və hər şeyə vida ərəfinsində olan qonaq kimi gözüdolusu baxır.