Bu roman sadəcə tarixi bir roman deyil, bu kitabda sevgi, dostluq münasibətləri, ədalət, fədakarlıq, qisas, nifrət əks olunmuşdur.
Hadisələr iki böyük şəhər olan Paris və Londonda baş verir. Fransa xalqı uzun müddət aclığa, sosial ədalətsizliyə məruz qaldıqdan sonra üsyan edir və bu haqlı mübarizədən sonra xalq "azad" olsa da, qisas və nifrət hissi ilə hərəkət edərək qanlı hadisələrə imza atır.
Əsərdə olan əsas obrazlardan biri Sydney Carton həyatı çox mənasız, özünü isə dəyərsiz hesab edir, öz dəyərini bilmir. Kənardan çox tənbəl kimi görünsə də, daxilində ciddi potensial vardır. Onun Lucie obrazına olan sevgisi isə onun üçün hər şeydən önəmlidir. Bu obrazı çox sevdim, amma çox danışsam spoiler olacaq təəssüf ki.
Lucie obrazı isə saf, mehriban, sevgi dolu bir qadındır. Atası uzun illər həbsdə qaldıqdan sonra psixoloji olaraq çox çətin günlər keçirdir. Lakin Lucie atasına verdiyi dəstək ilə onu sağaldır.
Madam Defarge obrazı isə sadəcə qəddar deyil, eyni zamanda içində sağalmayan yaraları onu heç kimə mərhəmət etməyən, hətta, günahsız insanları belə amansızca ölümə tərk edən insan halına gətirib çıxarır. Ədaləti istədiyini desə də, heç də ədalətli şəkildə davranmır, bunu sonu gəlməyən qisasla əvəz edir. Bu obraz mənə bu cümləni xatırlatdı. " İfade edilmemiş duygular asla ölmez; sadece diri diri gömülür ve sonradan daha korkunç şekillerde tezahür ederler."