Ursusun başlıca işi bəşər nəslinə kin bəsləmək idi. Amansız bir kin idi bu. İnsan həyatının iyrənc olduğunu özü üçün əl yeri qoymadan qətiləşdirəndən sonra, müsibətlərin də zəncirvari olub, kralların xalqın üzərində, müharibələrin krallar üzərində, taunun müharibələr üzərində, aclığın taun üzərində, insan axmaqlığının da bütün bu müsibətlərin üzərində hakim olduğunu anlayandan, yaşamağın bəzən cəza, ölümün isə xilas olduğuna əmin olandan sonra, yenə də yanına xəstəni gətirdikləri vaxt müalicə edər və onu sağaldardı. İxtiyarların həyatını uzatmaq üçün qüvvətləndirici dərmanları, şəfalı davacatları vardı. O topalı müalicə edir və istehza ilə ona deyirdi: "İndi sən ayaq üstəsən. Bu göz yaşları vadisində gəz gəzə bildiyin qədər!" O, acından ölən bir yoxsul görəndə nə qədər pulu varsa, çıxarıb ona verər və donquldanıb deyərdi: "Yaşa, ay bədbəxt! Ye! Ömrün uzun olsun! Sənin zindan həyatının müddətini azaltmaq mənə qalmayıb". Sonra əllərini ovxalayıb deyərdi: "İnsanlara gücüm çatan qədər pislik edirəm!"