Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşır cahanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Tutulur məclisdə igidin yası,
Kar görmür qılıncı, polad libası,
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
Belə zaman hara, qoç igid hara
Mərdləri çəkirlər namərdlər dara
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?