Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının ən böyük yazıçılarından biridir. Əsərlərində insanların cahilliyini, savadsızlığını və dövrün problemlərini elə şəkildə göstərir ki, insan oxuduqca əsəbiləşir, düşünməyə başlayır.
Ölülər də onun ən təsirli əsərlərindən biridir. Açığı, bu əsəri daha əvvəl oxumadığıma təəccübləndim. Geriliyin və cəhalətin bu qədər güclü təsviri insanı heyrətləndirir. Əsərdə insanlar o qədər kor inanc içində yaşayırlar ki, Şeyx Nəsrullah kimi biri onların savadsızlığından rahatlıqla istifadə edib istədiyi kimi yönləndirə bilir. Ən dəhşətlisi isə odur ki, insanlar bütün bunlara baxmayaraq ona inanmağa davam edirlər.
İsgəndər obrazı isə əsərdə həqiqəti görən və insanları oyatmağa çalışan yeganə insanlardan biridir. O, Şeyx Nəsrullah kimi saxta insanların əsl üzünü göstərmək istəyir, amma cəmiyyət həqiqəti görmək yerinə ona qarşı çıxır. Əsərin ən güclü tərəfi də bəlkə budur: burada “ölü” olan insanlar fiziki olaraq ölənlər deyil, düşünməyən, sorğulamayan və hər deyilənə kor-koranə inanan insanlardır.
İllər əvvəl yazılmasına baxmayaraq, bəzi şeylərin bu gün də dəyişməməsi insanı daha çox sarsıdır.