Həmin gündən sonra xeyli yüngülləşdi. Kaçinski ilə getdi, ilk həyat dərsini aldı: bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki gördün bacarmırsan, unut! Üzünü çevir get! Özünü tox tut! Halıyananlıq dinc dövrlər üçündür, olum, ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqətdən də qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar... Yalnız belə dözmək mümkündür...
Uşaq! Bu doğram-doğram olmuş bədəndə heç nədən xəbəri olmayan balaca bir varlıq yavaş-yavaş böyüyürdü. Demək, o da ölümə məhkum olmuşdu. O, hələ anasının qanından yeyir, şirəsindən sorurdu ki, böyüyüb bu dünyaya gəlsin, ya əsgər, ya da kiminsə qatili olsun. Bir sözlə, insan olsun, yaşasın, sevinsin, kədərlənsin, uçurub dağıtsın...