Qəribədi, çox qəribədi adam sağ olanda çəkdirdiyi şəkil başqa bir görkəm daşıyır, ölən kimi elə bil şəkil də başqa formaya keçir. Onların gözlərinin içinə diqqətlə baxsan, iç dünyalarına daxil olmaq mümkündür. Şəkillər elə bil səndən nəsə soruşmaq istəyirlər. Arxanca baxırlar, baxırlar… Elə bil gəlmək istəyirlər səninlə. Gələ bilmirlər..
Biz o zaman xəstələnirik ki, təbiətin qanunauyğunluqları pozulur. Təbiətə zor eləyəndə bizdən heyif çıxır. Təbiətə hücum etmək əslində özümüzə hücumdur.
Balacalar gör neynəyirlər? Ağızlarında “vı, vı, vı,” eləyə-eləyə arxacda maşın sürürlər. Bizə çatanda “düd-düd” eləyirlər, biz də yol vermirik, guya onlar da bizə pul verirlər, beş-altı qığ alıb yoldan çəkilirik. Biz hələ bilmirik, rüşvət nədir? Bu qığ verib, qığ almaq haradan ağlımıza gəlib? Hələ də bilmirəm ki, biz onu haradan öyrənmişdik.