Aylar əvvəl bəzi sözləri bura yazanda düşünürdüm ki, həyatımın ən böyük mübarizəsi sevgi ilə qorxularım arasında olacaq. O zaman özümə verdiyim sualın cavabını bilmirdim. Bu gün isə cavabı tapmışam.Bəli, bəlkə də bir müddət öncə qorxularım qalib gəldi. Amma hal hazırda buna məğlubiyyət kimi baxmıram. Çünki zaman mənə öyrətdi ki, hər itirdiyimizi itki hesab etmək doğru deyil. Bəzən insan bir qapını bağlayır ki, qarşısında daha uyğun qapılar açılsın. Bəzən ayrıldığımız yollar bizi əslində getməli olduğumuz istiqamətə aparır.)
O günlərdə içimdə olan tərəddüdlər, narahatlıqlar və suallar məni yorurdu. İndi isə anlayıram ki,,həyat yalnız bir insanın ətrafında dayanıb qalmır. Həyat yenilənir, dəyişir, insan da onunla birlikdə dəyişir. Dünən mənə ağır gələn şeylər bu gün mənə dərs kimi görünür.
Bəlkə də bu yol mənim üçün ən doğrudu,Çünki hər sonluq öz içində yeni başlanğıclar gətirir. Qarşıma yeni insanlar çıxır, yeni məqsədlər yaranır, yeni arzular qurulur. Mən artıq keçmişin “kaş ki”lərində yox, gələcəyin “bəlkə də”lərində yaşamağı seçirəm.
Hmmm Doğrudurki Hələ də bəzi xatirələr ürəyimin bir küncündə qalır. Amma artıq onlara qayıtmaq üçün yox, böyüdüyümü xatırlamaq üçün baxıram. Çünki insan bəzən sevdiyini deyil, köhnə halını geridə qoyur.Bu gün geriyə baxanda görürəm ki qorxularım məni dayandırmayıb, sadəcə başqa bir yola yönəldib. Və mən inanıram ki, hər şey öz vaxtında, öz yerində olmalıdır.Qarşıda məni gözləyən yeniliklər, yeni şəhərlər, yeni insanlar və yeni hekayələr var.
Bəzən ürəyin istədiyi yox, taleyin gətirdiyi yol daha doğru olur. Mən də artıq itirdiklərimə yox, qarşıma çıxacaq gözəlliklərə baxıram. Çünki həyat davam edir və mən keçmişə deyil, gələcəyə doğru addımlayıram.