Və həmvətənləri onu məhz dəli saydıqlarına görə Nəsrəddin düşündüklərini deyə və istədiklərini edə bilir. Orta əsrlərdə təlxəklər də elə idilər; kralın vəkilləri öz vəzifələrini itirməməkdən ötrü ona deyə bilmədikləri təhlükəli xəbərləri təlxəklər krala çatdırırdılar. Siz də elə olmağa çalışın; divanə olun, ancaq normal insanlar kimi davranın. Fərqli olmağa risk edin, amma bunu diqqət çəkmədən etməyi öyrənin.
– Düşüncələr qayıdacaq, amma onları kənara itələməyə cəhd edin. Sizin iki seçiminiz var: ağlınızı idarə etmək və ya onun sizi idarə etməsinə imkan vermək, ikincisi ilə artıq tanıșsınız: qorxunun şübhənin, narahatlığın sizi ələ keçirməsinə imkan vermisiniz, ona görə ki, bizim hamımızın özümüzü məhv etməyə meylimiz var.
–Sən hələ də heç nə öyrənməmisən? Ölümün yaxınlașmağı sənə heç bir şey öyrətməyib? Bəsdir daima kiməsə mane olduğunu, yanındakını narahat etdiyini düşündün. Əgər insanlar nəyisə xoșlamasalar, șikayət edə bilərlər. Və əgər şikayət etməyə cəsarətləri çatmasa, bu, onların problemidir.