"İndiyədək heç kəsə etibar etmədiyim qədər sənə və özü də hər şeyi etibar edəcəyimə ümid bəsləyirəm. Ümid edirəm ki, sən mənə böyük dayaq olacaqsan"
Anna Frank 1929-cu ildə Frankfurtda həyata gözlərini açıb. Atası Otto, anası Edit və böyük bacısı Marqo ilə XX əsrin tutqun havasında, müharibənin fəsadlarının hələ yoxa çıxmadığı dövrdə həyata uyğunlaşmağa çalışdı. 13 ildə öz kiçik dünyasını qurdu, hər bir uşağın etdiyi kimi. Bu şıltaq və xoşbəxt qız öz nağılının şahzadəsi, alimi, səyyahı idi. Onun böyük davranışları, ətrafa qarşı qayğısı və həyata nəşə paylayan gülümsəməsi onu tanıyan hər kəsin ağlında iz qoyurdu. Amma bəzi insanlar qəddar ola bilirlər. Milliyətinə görə 6 milyon yəhudini öldürəcək qədər qəddar...
"Hərdən fikirləşirəm: görəsən, kimsə yəhudi olduğuma məhəl qoymadan məni, sadəcə, azadlıq və xoşbəxtlik istəyən adi bir qız kimi qəbul edib bu nankorluğumu bağışlayardımı?"
Almaniyada hakimiyyətə gələn nasist hökumət bir çox yəhudini, o cümlədən Frank ailəsini də köçə məcbur edir. Niderlandda bir az yaşadıqdan sonra almanlardan gizlənmək üçün sığınacağa köçürlər. Beləliklə, sərhədsiz xəyallarla yaşayan qızın həyatı dörd divarın arasında zindana çevrilir.
"Bir daha küçəyə çıxa bilməyəcəyimizi dərk etmək getdikcə ağır təsir edir"
Burada onlarla bizim tanıdığımız adlarıyla Van Daan ailəsi, bir neçə ay sonra Albert Düssel yaşamağa başladı. Bu kiçik sığınacaqda artıq yeni dünyalarını qurmuşdular. Hərdən bir-biriləri ilə əylənir, söz davası edir, küsür, amma heç vaxt ad günlərində hədiyyə almağı unutmurdular. Bu kiçik dünyanın isə daha böyük sakini var idi: gündəlik. Gündəlik ona ad günündə hədiyyə edilmişdi. Nəhayət, 12 iyun 1942-ci ildə oraya ilk cümlələr yazıldı və Anna Frank təxmin etməzdi ki, bu gündəlik dünyanın ən çox oxunan kitablarından olacaq, özü kimi