Kitabı oxuyub bəyənməmək mümkün deyil. Bir insan üzərində aparılan eksperiment və onun nəticəsini oxucuya təqdim edib yazıçı.
"Algernona Çiçəklər" (Flowers for Algernon) — amerikalı yazıçı Daniel Keyes tərəfindən yazılmış elmi-fantastik və psixoloji romandır. Əsər əvvəlcə 1959-cu ildə qısa hekayə (short story) kimi "The Magazine of Fantasy & Science Fiction" jurnalında çap olunub.
Sonradan Keyes hekayəni genişləndirərək 1966-cı ildə roman şəklində yenidən yazıb və nəşr etdirib.
Əsərdə Gordon adlı bir kişinin hekayəsi danışılır. O, laboratoriyada "Algernon" adlı siçan üzərində sınaqdan keçirilmiş bir əməliyyata razı olur. Əməliyyatdan sonra onun zəka səviyyəsi yüksəlir, amma zamanla həm özündə, həm də siçanda geriləmə müşahidə olunur. Əsər insan ağlı, duyğular, xoşbəxtlik və insani dəyərlər barədə dərin suallar doğurur.
P.S : Düşünürəm ki, əsərin yazılma tarixi onun elmi -fantastik janrda olduğunu göstərsə də, günümüz texnologiya, tibb və elmin sürətli inkişafı sayəsində bəlkə də bu tip əməliyyatlar var və ya olacaq yaxın gələcəkdə. Ancaq nəticəsinin necə olacağı isə yenə də qaranlıq görünür.
Bu arada əsər əsasında 1968-ci ildə "Charlie" filmi də çəkilib. Vaxt edib ona da baxmağı düşünürəm. Bu qədər. Sağ olun.
Algernon'a ÇiçeklerDaniel Keyes
Nəhayət... Yazıçının sayca ikinci kitabını oxudum. Tövsiyə edirəm oxumayanlara. Mən bu janrı bəyənirəm deyə tövsiyəm də bu janrda kitablar oxuyanlaradır.
Qısa ancaq oxumağa dəyər kitab idi. Həcmi kiçik olduğu üçün nə yazsam spoyler kimi görünəcək. Amma oxuyan kimsənin bəyənməyəcəyinə inanmıram.
P.S. 1920-ci illərdə yazılan bu novella yazıçının ölümündən də illər sonra 1970-lərdə çap olunub.
Yazıçı isə 1942-ci ildə 2-ci həyat yoldaşı ilə intihar edib.
Və nəhayət. Bir nəfərin gözündən iraq, 387 səhifəlik kitabı 11 günə bitirdim. Jo Nesbonun ilk kitabı idi. Bəyəndim və çox güman ki, qalan kitablarını da oxuyacam gələcəkdə. Detektiv janrı ruhuma yaxindır deyəmi yoxsa həqiqətən də Nesbonun qələmi güclüdü deyəmi, kitab o qədər axıcı idi ki, arada özüm dayanırdım. Maraqda saxlayırdım özümü. Qətiyyən yormadı məni kitab. Harry Hole möhtəşəm idi. Hətta onu Şerlok Holms, Erkül Puaro, Miss Marple, Dupin kimi detektivlər sırasına da salmaq olar.
30.08 19:52
Yazıçının 2-ci kitabına başladım. Uşaq vaxtı baxıb bəyəndiyim bir film olanda, baş rol aktyor ya da aktrisasının istəyirdim bütün filmlərinə baxam. Elə bilirdim ki, aktyor bir filmdə ugurlu olubsa hamısında elə olur. Sonra bu düşüncə kitablarda da özünü göstərdi. Əslində isə heç vaxt belə olmur. Nə yazıçının bütün kitabları eyni sevilir, oxunur, nə də aktytor bütün filmlərdə uğurlu çıxışı ilə yadda qalır.
İkinci kitaba kitabdan yaxşı təəssüratlar almaq ümidi ilə başlamışam. Nəticəni kitabı bitirdikdən sonra paylaşacam.
Kitabı bitirdim. Oxuyacaq olsanız əvvəldə şəxsi inkişaf kitabı olduğunu düşünə bilərsiniz amma qətiyyən elə deyil. Yazıçının öz həyatında baş verən hadisələrdən və onlardan çıxardığı nəticələrdən bəhs olunur. Gözə, qulağa xoş məsləhətlər verir ara-sıra. Elə səhifələr var ki, bir cümlədən, bir məsləhətdən ibarətdir. Yazıçı sevdiyi mahnı playlistini, sevdiyi filmləri, kitabları, yazıçı və şairləri kitabda qeyd edir. Müxtəlif zamanlarda yaşayan filosoflar və onların düşüncələrini tez tez qeyd edir. Bir sözlə adamı yormayan, adı kimi "rahatladan kitab"dır.