Lap uşaqlıqdan həmişə qismətimə düşən kiçik bir səadət qığılcımı da məni fərəhləndirib, xoşbəxt etmişdir. Hətta, bəzən mənə elə gəlmişdir ki, bu dünyada əsl səadət şimşəktək parlayıb qeyb olan anlardan ibarətdir.
Biz beşikdə ana laylasıyla uyumuşduq. Bəlkə, buna görə də, heç bir qüvvə bizim qəlbimizə musiqi qədər hakim ola bilmirdi. Heç bir qüvvə bizdə bu qədər peşman mərhəmət hissləri oyatmırdı.
Lap uşaqlıqdan mən həyatın əzab və məşəqqətləri içində daha canlı, daha ləyaqətli görünən qəhrəmanları sevərdim. Mən istəyərdim oxuduğum əsərin qəhrəmanı sehrkar bir cazibədarlıqla məni çəkib ardınca aparsın. Qorxulu uçurumlardan, alovlardan keçirsin. Mən yalnız gül ləçəklərinin naxışlarındakı heyrətli ahəngi deyil, eyni zamanda, həyatın boz üzünü göstərsin, amansız sitəmlərini hiss etdirsin. Mən yalqızlığı sevmirəm. Mən həyatda da bütün düymələri öz yerində olan, plakat kimi cansıxıcı adamlara nifrət edirəm.
Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? Əgər mən olmasaydım, bu gözəl gecə nə itirərdi?