Bu kitabla Xalid Hüseyninin qələmini bitirdim. Həqiqətən, bütün kitablarında içdən təsirləndiyim, bəzən ağladığım yeganə yazıçılardan biridir Xalid Hüseyni. Hüseyni qətiyyən heç nəyi quraşdırmır və o qədər təbii yazır ki, heyran olmamaq əldə deyil.
"Və dağlardan səda gəldi" kitabında bütün obrazların həyatları ayrı-ayrı yazıldığı üçün oxucuların başı qarışa bilər. Amma hekayənin sonunda həmişə hər şey məntiqli yerə bağlanır. Düzdür, "Çərpələng uçuran" və "Min möhtəşəm günəş" kitabları kimi axıcı bir kitab deyil. Amma kitab yenə Xalid Hüseyni təhkiyəsində yazılıb və təsirli yerlər olduqca çoxdur. Kitab günümüzdə aktual olan ailəvi problemləri, dostluğu, sevgini və s. məsələləri obrazlar üzərindən bizə çox gözəl çatdırır. Ümid edirəm ki, bu, Xalid Hüseyninin oxuduğum son kitabı olmaz və yaxın gələcəkdə yeni kitab yazmağını içdən arzu edirəm.