Bəzi kitablar bitir. Bəziləri isə bitəndən sonra sənin bir parçana çevrilir.
Qraf Monte-Kristo mənim üçün məhz belə bir əsər oldu.
Kitaba başlamazdan əvvəl "Ezel"i izləmişdim və düşünürdüm ki, artıq bu hekayə məni təəccübləndirə bilməz. Cəmi 10-15 səhifə kifayət etdi ki, bu fikrim tamamilə dəyişsin.
Əgər bu kitabı sadəcə "macəra romanı" kimi tanıyırsınızsa, bilin ki, ona böyük haqsızlıq edirsiniz. Bəli, içində macəra var. Amma eyni zamanda sədaqət var, xəyanət var, ata sevgisi var, dostluq var, ümidsizlik var, ümid var və ən əsası, illər boyu ilmə-ilmə toxunmuş, heyranlıq doğuran bir intiqam planı var.
Edmund Dantes isə mənim oxuduğum ən möhtəşəm obrazlardan biridir. Onun ağlına, səbrinə, soyuqqanlılığına və bütün yaşadıqlarına baxmayaraq içində qoruyub saxladığı mərhəmətə heyran qalmamaq mümkün deyil.
Ən çox zindan hissələri məni sarsıtdı. O səhifələrdə sadəcə Edmundun yox, sanki mənim də nəfəsim daralırdı. Sonra başa düşdüm ki, böyük kitabları fərqləndirən də məhz budur: sən onları oxumursan, onları yaşayırsan.
1500 səhifədir. Mən isə bu kitabı bir ildə iki dəfə oxudum. Bir dəfə də olsun "tez bitsin" demədim. Əksinə, hər dəfə düşündüm: kaş daha əvvəl oxusaydım.
Bu günə qədər oxuduğum kitablar arasında mənim üçün zirvədə yalnız bir əsər var: Qraf Monte-Kristo.
"Bütün insan hikməti iki kəlmədə gizlidir: Gözlə və ümid et."