Biz hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik.
…Gələcək isə həyat deməkdir. Ona görə də biz ayrılmalıyıq.
Nəhayət, Adil durub işığı söndürdü, soyunub yerinə girdi və elə bil ki, çadırda qaranlığın hakim olması ilə, Adilin çarpayısının xəfifcə səslənməsi ilə bayaqdan məni göyün yeddinci qatına çıxaran səadətim də uçub getdi. Mən yenə də bu ucsuz-bucaqsız qaranlığın içində yalqız qaldım.
Soltan da dərindən nəfəs alaraq:
– Kim bilir, - dedi, - biz onda harada olacağıq…
Buldozerçi isə mənə baxmadan:
– Səriyyə xanım elə o zaman da bizimlə olacaq, - dedi.
– Doğrudan? - deyə mən qəzəblə ona baxdım.
– Doğrudan, - deyə o məni yandırıb tökən bir arxayınlıqla cavab verdi.
Sonra bünövrəyə işarə ilə əlavə etdi:
– Adımız bir kağızda yazılıb bünövrəyə qoyuldu. Tay bizi bir-birimizdən ayırmaq olmaz.
Birdən ürəyimə anlaşılmaz bir vahimə çökdü. Mənə elə gəldi ki, “biz” dedikdə, buldozerçi məhz ikimizi, yəni, özü ilə məni nəzərdə tutur və elə bil ki, onun bu sözlərində, nə isə, sehrli bir qüvvə, bir hökm vardı.