"Köç" - nəsillərdən nəsillərə, yüz illər boyu hərəkət edən, yaşayan türkün tarixidir. Mövlud Süleymanlı türkün tarixi olan sazdan, nağıllardan, dastanlardan yarpız qoxulu sözləri seçib sapa düzərək bir "Köç" salnaməsi yaradıb.
Bu əsəri ürəklə oxuyanda, diqqətlə, duyğuyla, həm də türk kimi yanaşanda türkün tarixi ilə tanış olur, yüz illər əvvəldən axıb gələn o köçə qoşulursan.
Burada türkün qədim yurdlarının adı çəkilməsə də, oxuduqca o yerlərin havasını duyur, o böyük "Köç"lə o torpaqlara qədəm qoyursan...
Qəribə bir üslubu, axışı var əsərin. Qabriel Markes təsiri ilə yazılmış olduğu fikirləri də irəli sürülür. Doğrusu, oxuduğum zaman bu təsiri duydum. "Yüz ilin tənhalığı"nı xatırladırdı bəzi hissələri, üslubu.
"Köç" bir nağıl kimi başlayır, maraqlı şəkildə irəliləyir və ortada elə bir yerə gəlirsən, elə bir qarışıqlıq yaranır ki, diqqətlə oxumasan, heç nə anlamayacaqsan. Əsər başladığı hissədən yüz illər əvvələ qayıdır, səyahət edir (qarışıqlıq da burada yaranır) və başladığı hissəyə çox maraqlı bir şəkildə birləşir və gözəl bir sonluqla yekunlaşır.
Sevərək, duyaraq oxudum.