Gönderi

10/10
·160 syf.··
Beğendi
·
2026 49. kitabı
·
3 günde okudu
·
Okunma: 01 Mayıs 2026 03:52
İlyas Əfəndiyevin bu əsəri mənə keçən il oxuduğum Çingiz Aytmatovun "Cəmilə" povestini xatırlatdı ( Cengiz Aytmatov , Cemile ). Hər iki əsərin ruhunda bənzər bir abu-hava var və mən "Cəmilə"ni bəyəndiyim kimi, bu əsəri də çox bəyəndim. Kitabı bitirdikdən sonra Adil və Səriyyə obrazları haqqında uzun-uzadı düşündüm. Daha əvvəlki bir yazımda "Yaxşı insan olmaq kifayət edirmi?" sualını vermişdim ( #299581303 ). Bu əsəri oxuyarkən də özümə çoxlu suallar verdim: Səriyyə niyə belə etdi? Adilin taleyi niyə belə gətirdi? Səriyyəni o vəziyyətə gətirən düşüncələrin kökündə nə dayanırdı? Adil Səriyyənin sevgisini bərpa etmək və ya yaşatmaq üçün nə edə bilərdi? Adilin bu vəziyyətdə bir çıxış yolu vardımı, yoxsa o, artıq çoxdan uduzmuşdu? Əsərin xülasəsini verməyəcəyəm ki, yazını oxuyanlar üçün spoiler olmasın. Bəlkə bu təhlildən sonra kimsə kitabı oxumaq istəyər. İnsan o qədər mürəkkəb varlıqdır ki, Adilin düşdüyü vəziyyətdə istənilən adam hər hansı bir hərəkəti edə bilərdi. Məsələn, qatil ola bilərdi. Adil sevdiyi Səriyyəni yaxud buldozerçi Qəribcanı öldürə bilərdi. İnsan mürəkkəb olduğu qədər, həyat da mürəkkəbdir. Bizə hansı taleyi yaşadacağını əvvəlcədən bilə bilmərik. Bəzən insan heç bir səhvi olmadan xoşbəxtliyin zirvəsindən yuvarlanıb uçurumun ən dibinə düşə bilər. Xoşbəxt bir həyat bir anda məhv olmuş bir ömürlə əvəzlənə bilər. Bu əsər mənə çox təsir etdi. Bəlkə də düşüncələrim birmənalı qarşılanmayacaq, amma mən özümü həm Adilin yerinə qoyub onun ağrısını hiss etməyə, həm də Səriyyənin pəncərəsindən baxıb onu anlamağa çalışdım. Əvvəlcə bir qadını tam anlamağın çətinliyini nəzərə alıb Səriyyənin yerində olmağa bir az çəkindim, lakin onun haqqında düşündükcə daxili dünyasına nüfuz etməyə çalışdım. Biz bir yola çıxanda bizi hansı aqibətin gözlədiyini bilmirik. O yolda uğurlar qazana, nailiyyətlər əldə edə, özümüzü xoşbəxt hiss edə bilərik. Qələbəni qeyd edərsən, amma ruhun belə duymaz ki, sən hələ o yola çıxanda artıq uduzmuşdun. Taleyimizi iradəmizə tabe edə bilsəydik, yaşamağa və xoşbəxt olmağa nə vardı ki?! Həyatın ən amansız tərəfi də elə budur ki, bir şeyin olması üçün əlindən gələn hər şeyi edərsən, amma həyat sənə "STOP" deyib saxlayar. Hər şeyin düzgün olduğunu düşündüyün halda, bir şeylər səhv gedər və sən heç nə edə bilməzsən. Belə məqamlarda gəlin qəbul edək ki, səhv yerdəyik, səhv seçimdəyik. Gülüstanlıqla pərdələnmiş bir cəhənnəmdəsən. Tale sənə ləzzətverici bir illüziya yaşadıb. Bəli, hər şey möhtəşəm görünürdü, amma ayılmaq lazımdır. Ayıl ki, bura cənnət deyil. Əgər səhv hərəkətin yoxdursa, hər zaman yaxşı olanı etmisənsə, sənə yaşadılan əzablarla mübarizə aparmağın bir mənası qalmır. Çünki nəyisə dəyişməyə çalışdıqca yalnız özünə ziyan vurur, özünü tükədirsən. Artıq qaytarılacaq bir şey yoxdursa, bunu qəbul etmək lazımdır. Sakitcə qəbullanıb, hər şeyi unudub həyata yenidən davam etmək bəlkə də yeganə qazanc yoludur. Bəlkə kimsə iradəsindən kənar baş verənlərə görə həyatı zorlayıb intiqam almaq, acısını yumşaltmaq üçün kiməsə işgəncə vermək, kimisə öldürmək istəyər. Bir çox əsərlərdə bunun şahidi olmuşuq. Bəzən qəhrəmanlar işgəncə verərək, bəzən isə öldürərək acıdan qurtulmağa çalışırlar. Məsələn, Dostoyevskinin "İdiot" əsərində Roqojinin etdiyi kimi. Siz doğrudanmı Roqojini günahkar hesab edirsiniz? Onun yaşadıqlarını yaşayan hər hansı birimiz onun halına düşə bilməzdikmi? Başqa əsərlərdən də misallar çəkə bilərəm, amma mövzudan uzaqlaşmaq istəmirəm. "Körpüsalanlar"da isə İlyas Əfəndiyev bizə belə faciəvi bir sonluq yaşatmır. Hadisələr Adilin məğlubiyyəti ilə bitir və müəllif ona başqa bir addım atdırmır. Bəlkə də yazıçı oxucunun diqqətini Səriyyənin daxili analizindən yayındırmaq istəməyib. Mən də Səriyyə tərəfdən baxmağa çalışdım və onu qınamıram. Çünki o, mütləq doğrunu deyil, öz doğrusunu seçərək xoşbəxt olmağı üstün tutdu. Bəli, Adil yaxşı oğlan idi, amma yaxşı insan olmaq ona da kifayət etmədi. Obyektiv baxsaq, Səriyyə səhv etdi və bəlkə də gələcəkdə peşman olacaq. Lakin azad yaşamaq istəyən hər kəs bilir ki, biz bəzən səhv etdiyimizi bilə-bilə o səhvi seçirik. Çünki həmin an onu istəyirik. Səriyyənin tərəfini tutanlar Adil barəsində də ədalətli düşünsünlər. Adil onu çox sevirdi və hər halı ilə qəbul edirdi. Lakin unutmayaq ki, Adil daha təcrübəli, daha müdrik və uzaqgörən biridir. Onun Səriyyənin bəzi "yüngül" hərəkətlərinə irad bildirməsi şıltaqlıq deyildi, o, ətrafdakı insanların doğura biləcəyi mənfi düşüncələri qabaqlamaq istəyirdi. Özümüzü onun yerinə qoyaq. Vəzifəli birisən və həyat yoldaşın özünü cəmiyyətdə lazımi qədər ciddi aparmır. Burada söhbət qeyri-əxlaqi bir şeydən getmir, söhbət nüfuzdan gedir. Ətrafdakılar Səriyyəyə "yüngül" biri kimi baxanda, bu, birbaşa Adilin adına və mənliyinə toxunur. Adil istəyirdi ki, Səriyyə də onun kimi hörmətli olsun, heç kim onun haqqında artıq-əskik danışmasın, əksinə, o, mükəmməl bir xanım kimi tanınsın. Bəlkə də, xoşbəxtliyimizə mane olan elə cəmiyyətdir. Cəmiyyətin təsiri olmasaydı, bəlkə bu faciələr də yaşanmazdı. Amma bu cəmiyyətin bir parçası olan Adili buna biganə qala bilmədiyi üçün günahlandırmaq olmaz, çünki onsuz da Adilin insani keyfiyyətləri çox yaxşı idi. Əsər boyu onun Səriyyəyə ciddi bir təzyiq göstərdiyini də görmürük. Fikrimcə, Səriyyənin dəyişməsinin əsas səbəbi də bu oldu ki, o, cəmiyyətin qaydalarına uyğun olaraq Adilə layiq həyat yoldaşı obrazına bürünməyi özünə rəva bilmədi. O, sadəcə istədiyi kimi yaşamağı seçdi. Adilin təmin etdiyi xoşbəxtlik ona istədiyi rahatlığı vermədi. Burada bir incə məqam da var. İnsan sevdiyi adamın yaxşı xüsusiyyətlərini daha da bəzəyərək hisslərini gücləndirir. Sevmək istəməyəndə isə qarşısındakında qüsur axtarmağa başlayır və hər xüsusiyyətdə mənfi bir tərəf tapıb sevgisini öldürür. Əslində, Səriyyə də qəlbinin dərinliklərində Adilin hər cəhətdən yaxşı bir insan olduğunu, heç bir səhvi olmadığını dərk edirdi. Lakin bu onu xoşbəxt etməyə kifayət etmədi. Səriyyə məntiqin səsinə deyil, hisslərinin diktəsinə qulaq asdı və ömür yolunun sükanını tamamilə duyğularının ixtiyarına verdi. Gəlin Səriyyəni buraxaq, istədiyi çılğınlığı etsin, həyatın hər anından zövq alsın... Bu əsərlə bağlı hələ çox danışmaq olar, lakin bu əsərin ruhumda oyatdığı duyğuların elə məndə, mənə məxsus qalmasını istəyirəm. Bu qədər. İlyas Efendiyev Körpüsalanlar
1000Kitap
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0743 okunma
·
2 +1'leme
·
262 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Anna Karenina Vronski ilə tanış olduqdan sonra həyat yoldaşını görəndə Aleksey Kareninin qulaqları onun gözünə çox çirkin görünür və bunu ilk dəfə sezdiyini anlayır. İnsan sevmədiyi insanda həm fiziki həm xarakterik qüsurlar tapmaqda mahirdir. Özünəməxsus və düşündürücü yazılarınızı maraqla oxudum. Ruhunuza toxunan daha çox kitablar oxumağınız diləyi ilə, xoş oxumalar📚
Münasib Niftalıyev
Gönderi Sahibi
Çox gözəl bir əsərə toxunmusunuz. Anna Karenina tezliklə başlayacağım əsərlərdəndir. İndi düşündüm ki, yaxşı ki Anna Kareninanı Körpüsalanlardan əvvəl oxumamışam. Çünki Anna, Səriyyə ilə bir-birinə çox bənzəyir və onu Səriyyənin daha yetkin halı kimi düşünə bilərik. Sizin dediyiniz məsələyə gəldikdə, bəli, insan sevgisini öldürmək üçün o qüsurları axtarır. Çünki belə istəyir və özünü haqlı olduğuna inandırmaq üçün buna ehtiyacı yaranır. Gözəl sözləriniz üçün təşəkkür edirəm, sizə də xoş mütaliələr ☺️