Bu nə şübhədir? Nə üçün insanlar bir-birindən qorxub hürkürlər? Məgər müsəlman olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi? Bütün insanları Allah yaratmayıb mı? Onların hamısı təbiətin övladı deyilmi? Bəs bu ayrı-seçkilik nə deməkdir? Kim insanlar arasında ögey-doğmalıq salıb?
İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən, onun qədrini bilməyib itirəndən sonra ayılır. Hər gün görsə də, qəlbinin duymadığı, nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra, qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir.