"Niyə insanı Allah bu qədər narazı yaradıb,görəsən?Yazda hamı yayı arzulayır,yağışdan,küləkdən bezib,isti hava,dəniz mövsümü istəyir.Yayda istilərdən cana doyduqlarını dilə gətirib nəfəslərini isti qarsıya-qarsıya payızı,sərinləri gözləyirlər.Payızda növbəti yağışlar və zəhlətökən küləklərdən bezikib qışın qarının,gözqamaşdıran bəyazlığının həsrətini çəkirlər.Qışda sümük sızladan soyuqdan,qarın palçığa,suya çevrilib başağrısına çevrilməsindən gileylənəndə isə hamı yayı arzulayır.Güllü-çiçəkli yazda barı sümüklərinin qızacağını,təbiətin oyanacağını gözləyirlər...Sonra da hər şey yenidən təkrar olunur..."
"Yalnız bircə addım da olsa,geriyə qayıtmaq istəyi bütün varlığına hakim kəsildikdə,yalnız və yalnız məhz həmin anda bütün çılpaqlığı ilə hiss edirsən ki,doğrudan da,geriyə yol yoxdur.Yollar yalnız bir istiqamətdə olur...İrəli..."