İnsan nədir-İblis belə olmağı bacarmayan zəif, gücsüz, istedaddan qısır, imkanlardan məhrum, məhəbbətdən umsuq, iyrənc fantaziyalarında cinsi əlaqəyə
girən, xam xəyallarında tək alçaq yox, guya ki, uca dağları da yaratdığına özünü inandırmış boş iddialı, riyakar, dünyanın özü kimi mənasız bir varlıq-budur insan.
Paxıl, yalançı, böhtançı, kinli, yaltaq... Guya azadlığa can atan, amma azadlığa qovuşan kimi öz azadlığından oddan qorxan kimi qorxan, hər seçimini özgələrin
boynuna qoymağa çalışan, daima qulluğunda durmağa bir büt, bir sahib, bir yolgöstərən axtaran aciz və misgin məxluq. Dünyanın ən ləziz təamlarını həzmi-rabedən keçirib nəcis kimi ifraz edən murdar... Yer üzündə özü kimi canlılara qənim
kəsilmiş, ya onları öz keyfiyçün ovlayan, ya heyvanların, quşların, balıqların ətini də yeməklə yetinməyib, yumurtasını, balını, kürüsünü da qamarlayan qarınqulu. Bir ovuc dən, toxum səpib bir torba yox, on torba, on xaral məhsul götürməkçün torpağı kimyəvi gübrələrlə zəhərləyən, çirkab axıntılarıyla dənizləri kirləyən, meşələri qıran, qazlarla, tüstüsüylə havanı korlayan doyumsuz acgöz. Dünənini unutmuş, sabahını
düşünməyən, ancaq bugünüylə yaşayan beyinsiz... Sartr düz deyir ki, cəhənnəm-başqalarıdır, yəni özündən başqa bütün qalan adamlardır cəhənnəm.