Hər şeydən çox dağlar yadımda qalıb. Bir də günəş yadımda qalıb. Bir də orası yadımdadır ki, bir zaman gün çıxanda dağlar gülümsərdilər. Dağların gülümsəməyi hərdən yuxuma gəlir və hərdən yuxumda dağlar gülümsəyəndə mən dünyada saysız-hesabsız rənglər görürəm. Mənə elə gəlir ki, o rənglərin hamsını haçansa, doğrudan da, görmüşəm. Mənə elə gəlir ki, o rənglərin çoxsunu yavaş-yavaş, yaşaya-yaşaya itirmişəm. Hər dəfə əlimə qələm götürəndə o rənglərin hansınısa tapacağıma ümidim olur. Mən kəndə, uşaqlıq çağlarıma bilə-bilə qayıtmıram. O çağlar özü məni çağırır. O çağlar ki, dağlar gülümsərdilər, o çağlar ki, dünyada saysız-hesabsız rənglər vardı...