“Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir az keçmiş, yuxunun ən şirin yerində tuturdu.”
Bədbəxtliklər Dünyanın Ən Varlı Şəhərinə dolu kimi yağırdı. Amma bu dolu siz bildiyiniz dolulardan deyildi; yurd alırdı, can alırdı, hələ yaşanılmamış xoşbəxtlikləri, arzuları alıb aparırdı özüylə. Qan şəklində əriyib axırdı torpağın canına. Əsərdə “Dünyanın Ən Varlı Şəhəri” adıyla təkcə müharibə gedən yerlərdəki hansısa bir şəhər yox, ümümi şəkildə Azərbaycandan bəhs edilir, Birinci Qarabağ Müharibəsi illərindəki vəziyyət və ondan sonrakı qaçqın-köçkün həyatı çatdırılır oxucuya.
Müəllifin özünün də ağdamlı olmasındanmı, ya müharibə dövrünün canlı şahidi olmasındanmı, ya da sadəcə vətəninin dərdinə ağrıyan bir vətəndaş olmasındanmı irəli gəlir belə bir əsər yaratmaq… Aqil Abbas əsərə başlamamışdan yuxarıda qeyd edir ki, kim isə bu əsərdə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən başqa bir şey deyil. 2007-ci ildə yazılmış bu roman o vaxt yazıçı təxəyyülü kimi təqdim olunsa da, bugünkü oxucusunda bu kitab tamam başqa cür maraq yaradır.
Kitabı ikinci dəfədir oxuyuram. Bu dəfə tamam başqa ab-hava ilə… 2012-ci ildə Elxan Cəfərovun çəkdiyi, kifayət qədər uğurlu alınmış eyniadlı filmi də var. Komandirin əsərdəki cümlələri beynimdə Məmməd Səfanın səsiylə əks olunurdu. O cür vətəndaş kimi vətəndaşı ancaq bu cür sənətkar kimi sənətkar canlandıra bilərdi.
Bu gün neçə-neçə Pələnglərin, Drakonların, Komandirlərin can verdiyi Gülablılar artıq azaddır, Ağdam azaddır, Şuşa azaddır… Qarabağ azaddır!