“Ölü evdən qeydlər” Dostoyevskinin həyatının demək olar ki,ən çətin illərini əks etdirən avtobioqrafik əsəridir.Yazarın Omsk həbsxanadakı həyatının və təəssüratlarının verildiyi bu povestdə digər məhbuslar tərəfindən qəbul edilməyən Dostoyevski bu çətin dönəmi,öz düşüncələrini,məhbuslara dair düşüncələrini,insanın psixoloji analizi kimi mövzuları mükəmməl şəkildə çatdırır.Həbsxanadakı tənhalığı,müxtəlif insanların müxtəlif davranışlarının ustalıqla təsvir edildiyi bu əsərdə hekayələr ayrılıqda qırıq və tamamlanmamış hissi versə də,kitabın sonunda qəribə şəkildə bir bütöv halına gəlir.Ayrı-ayrı personajların,daha çox məhbusların və xəstələrin,həmçinin gözətçilərin,mayorların davranış tərzləri ilə bağlı geniş məlumat verən Dostoyevski az da olsa,öz durumu,tənhalığı ilə bağlı qeydlər də aparır.
Bir çox avtobioqrafik əsərlərdə olduğu kimi məzmun baxınından bir o qədər də maraqlı və axıcı olmasa da,Dostoyevskinin əsərlərinə təsir edən və yaradıcılığında dönüş nöqtəsi hesab edilən bu dövrlə tanış olmaq üçün oxunmalı kitablardandır məncə.İrihəcmli əsərlərini oxumadan bu əsərlə başlamış olduğum üçün özümü itirmiş hesab etmirəm düzü.Dostoyevskini daha yüksək səviyyədə anlamaq üçün yaxşı başlanğıc olduğunu düşünürəm.
Bu arada uzun zaman sonra ana dilimizdə oxuduğum ilk kitab idi.Tərcüməni o qədər də sevmədim.Orfoqrafik səhvlər də çox idi.Gələcəkdə yenidən türkcə təkrar oxumağı düşünürəm.