Sevgi adamın bütün varlığını tələb eləyir; aşiq özünü unudur; hətta ən bəsirətli adam belə başa düşə-düşə təsəvvür eləmir ki, sevgi ötəri ola bilər. Sevgi insanın qanını və ruhunu xəyallarla isidir, insan bilə-bilə xəyali varlığı həqiqi varlıqdan çox sevir. Sevgi insanı qaldıra da bilər, endirə də bilər. Sevən adam özünə məxsus olmur. O da bir fərd kimi mövcud deyil, indi o öz "mən"inə yabancı olan bir məqsədə çatmaq üçün bir aləm, bir vasitədir. Məhəbbətdə həmişə sentimentallıq olur.
Qəlbimlə ağlımın özgə yolu var,
Hərəsi bir yolda puç edər məni.
Birisi sevdadan uzaqlaşdırar,
O biri sevdaya tuş edər məni.
Ağlım gecə-gündüz yazıq qəlbimi
Daima danlayar, daima qınar.
Qəlbimsə sevdalı pərvanə kimi
Eşqin atəşində alışar, yanar.