Dəhşətli bir sevinc qəlbimi bürüdü, bədənimin uçunduğunu hiss etdim. Nəfəsim təngiyir, hava mənə azlıq edirdi. "Onlar ayrılarlar. Aradan bir müddət keçər, köhnə yaralar sağalar. Sonra biz evlənərik. Mən pərvanə olub onun başına dolanaram. Günlərinin fərəhli keçməsinə çalışaram. Biz əl-ələ verib Quzey qışlağın gələcəyi üçün yeni-yeni işlər görərik. Söyüdlü arxın altında dinc həyat qurarıq. Görünür, tale özü məni gətirib bura çıxarmışdır. Ah, Murad! Mənim əzizim, sənin qadının olmaq, hər gün sənin köynəklərini yuyub ütüləmək, səhər tezdən durub sənə çay-çörək hazırlamaq, nahar vaxtı stolun üstünü düzəldib yolunu gözləmək, gecələr sənin və sənin iş yoldaşların üçün yeni-yeni konsertlər vermək o qədər böyük səadətdir ki, sevincimdən az qalır nəfəsim tutulsun."