Spoiler ola bilər!
Tolstoy bu hekayəsi məndə biraz ikrah hissi oyatdı. Səbəbi isə qadının bir şeytan, kişinin isə vicdanı qarşısında çəkdiyi əzablarla, yoldaşına fiziki baxımdan xəyanət etməməsi üçün intihar edərək, şeytana uymuş bir zavallı kimi təqdim olunmasıdır.
Cənab Yevgeni bəs heç mi günahkar deyildi ?Özünü sərsəri və murdar adlandıraraq biraz vicdanını rahatlatmaq istəyinin şahidi oluruq. Amma bu onun günahkar olmasının dəyərini azaltmamalıdır.
Heç bir qadına bu cür əxlaqdan kənar həyat əlbəttə ki yaraşmaz, amma bu vəziyyət qadının tamamilə günahkar və şeytan olduğuna əsas gətirmir. Yevgeninin ilk görüşü ilə bir il sonrakı qarşılaşmasında qadındakı fərqi aşkar hiss edirik. Buna qadını yaşadığı cəmiyyət və ərdə olduğu ailənin münasibəti, hətta gələn pulun ardının kəsilməməsi üçün o qadını buna təhrik etmələri gözardı edilməməlidir.
Yevgeni öz nəfsinə düşkünlüyünü sağlamlıq adıyla maskalandıraraq sadəcə özünü aldadırdı. Yəni bu və ya başqa qadınla, fərq etməz, o çoxdan öz şeytanına boyun əymişdi.
Öz arvadının ona olan məhəbbəti, cəmiyyət içindəki nüfuzu onun itirməyə qorxduğu şeylərdən idi, məhz bu səbəbdən nəfsi ilə mübarizə aparmağa çalışırdı. Əks təqdirdə isə o "şeytana" təslim olmağı məmnuniyyətlə seçərdi. Deməli ki, onun şeytanı qadın yox, öz nəfsi idi.
Sonda isə etdiyi cinayət səbəbiylə çəkdiyi ruhi iztirabları aylar sonra intiharla sonlandırması, məhz bunu təsdiqləyir ki, o bu və ya başqa qadınla istənilən vaxt öz arvadına xəyanət edə biləcək potensialda bir kişidir və şeytan bir qadın bədənində deyildə, bir kişi nəfsində gizlənmişdir.
Məncə mütləq oxunmalı və faydalanmalı əsərlərdən deyil.
Xoş mütaliələr.