Özünə əzab vermək, özünü alçatmaq bəzən insana həzz verir. Özünüzü günahkar çıxaranda, başqa heç kəsin bizi günahlandırmağa haqqı olmadığını hiss edirik. Günahlarımızı bağışlayan keşiş yox, etirafdır, tövbədir.
Psixologiyanı nə vaxtsa dəqiq elmlər sırasına daxil edə biləcəyikmi ki, hətta ən kiçik həyat mənbəyi də bizim üçün aşkar olsun? Biz özümüzü həmişə səhv başa düşürük, başqalarını da nadir hallarda anlayırıq. Təcrübənin əxlaq baxımından heç bir dəyəri yoxdur. Təcrübə- insanların öz səhvlərinə verdiyi addır. Əxlaq nəzəriyyəçiləri təcrübəni həmişə xəbərdarlıq vasitəsi kimi qəbul ediblər və hesab ediblər ki, təcrübə- xarakterin formalaşmasına müəyyən təsir göstərə bilər. Onlar təcrübəni tərifləyib şöhrətə mindiriblər, guya təcrübə bizə yol göstərir, nəyin ardınca getməyi, nədən qaçmağı bizə o öyrədir. Amma təcrübə hərəkətverici qüvvəyə malik deyil. Təcrübə də vicdan qədər az fəaldır. Əslində, təcrübə bizə gələcəyimizin də keçmişimiz kimi olacağını, bir dəfə çəkinə-çəkinə işlətdiyimiz günahı dəfələrlə, həm də məmnuniyyətlə təkrar edəcəyimizi göstərir.
Həyatın məqsədi- özünü inkişaf etdirməkdir. Öz varlığımızı, mahiyyətimizi tam şəkildə ifadə etmək- biz bunun üçün yaşayırıq. Bu gün insanlar özləri özlərindən qorxurlar. Onlar unudublar ki, insanın ən ali vəzifəsi- öz qarşısında olan borcudur. Şübhəsiz, onlar xeyirxahdırlar. Acları yedizdirir, çılpaqları geyindirirlər. Amma öz ruhları ac və çılpaqdır. Bəşər övladından artıq cəsarət deyilən bir şey qalmayıb. Bəlkə də buna heç vaxt sahib olmamışıq. İctimai rəy qorxusu- əxlaqın təməlidir; və Allah qorxusu,- bu isə dinin sirridir, - bax, bu 2 şey bizi idarə edir.
Dahilik Gözəllikdən daha uzunömürlüdür. Buna görə də savadımızı, intellektimizi inkişaf etdirmək üçün çox səy göstəririk. Yaşamaq üçün amansız bir mübarizədə daimi və sabit bir şeyə sahib olmaq istəyirik. Həyatda öz mövqeyimizi qorumaq üçün əbəs yerə ümid bəsləyərək başımızı faktlarla və hər cür zir-zibillə doldururuq. Çox bilikli insan- bax, dövrümüzün idealı budur! Və çox bilikli insanın beyni qorxunc bir şeydir. O toz basmış əcaib əşyalarla dolu əntiq əşyalar dükanına bənzəyir. Burada hər bir şey öz həqiqi dəyərindən daha yüksək qiymət daşıyır.