Özünü sübut etmək cəhdi təhlükəli tələdir. Tez-tez öz nailiyyətlərinizi göstərmək,
lovğalanmaq və nə qədər qiymətli biri olduğunuza başqalarını inandırmaq üçün çox
böyük enerji sərf etməlisiniz. Lakin insan lovğalandığı zaman öz uğurunun və ya fəxr
etdiyi digər mövzuların yaradacağı müsbət hisslərin təsirini azaldır.
Bu günə qədər kimsə sizə, yaxud siz başqasına “Cona fikir vermə, nə etdiyini özü
də bilmir” dedinizmi? Əgər belədirsə, “davranışların arxasına baxma” fəlsəfəsi ilə
tanışsınız. Əgər uşaqlarınız varsa, bu sadə bağışlama hadisəsinin əhəmiyyətinə yaxşı
bələdsiniz. Bütün sevgimiz uşaqlarımızın davranışlarına bağlı olsaydı, yəqin ki, onları
sevmək çox çətin olardı. Əgər sevgi davranışlarla bağlı olsaydı, bəlkə də, heç birimiz
yeniyetməlik dövründə sevilməzdik.
Həyat yoldaşınıza sizin haqlı, onun isə haqsız olduğunu sübuta etmək, həqiqətən,
hansısa bir əhəmiyyətə malikdirmi? Bəs, kiminsə kiçik bir səhvi ucbatından onunla bir-
birinizi qırmağınızın önəmi var? Hansı restorana və ya kinoteatra getmək üstündə dava
etməyə dəyərmi? Qonşunuzun avtomobilini küçədə sizə aid olan yerdə saxlamasını
ailəliklə süfrə başında oturanda müzakirə etmək belə vacibdir? Çox adam həyatını bunun
kimi minlərlə məsələ haqqında danışaraq keçirir.