Olni dedi:
– Boş sözdür! Siz özünüz də bunu çox gözəl bilirsiniz. Martin mədəniyyətə yox, mənsəbə çatmaq istəyir. İş belə gətirib ki, Martinin mənsəb məsələsi mədəniyyətlə əlaqədardır, bu isə adicə bir təsadüfdür. O, kimyaçı olmaq istəsəydi, mədəniyyəti neyləyirdi. Martin yazıçı olmaq istəyir, lakin bunu deməkdən qorxurdu ki, mübahisədə siz məğlubiyyətə uğramayasınız. – O, sözünə davam edərək soruşdu: – Axı Martin nə üçün yazıçı olmaq istəyir? Onun üçün ki, pulu yoxdur. Siz nəyə görə öz başınızı köhnə ingilis diliylə və bütün bu “ümumi mədəniyyətinizlə” doldurursunuz? Ona görə ki, sizin ələşib-çalışıb özünüzə yol açmağa ehtiyacınız yoxdur. Atanız özü bunun qeydinə qalır. O, sizin geyiminizin-keçiminizin pulunu verir, sizin üçün qalan işlərin hamısını da görəcəkdir. Bizim hamımızın – sizin də, mənim də, Arturun da, Normanın da aldığı təhsilin nə xeyri var? Bizim beynimizi həddən artıq “ümumi mədəniyyətlə” doldurmuşlar, lakin sabah atalarımız var-yoxdan çıxsa, bizim ancaq bircə çarəmiz qalar ki, gedib məktəb müəllimi adı almaq üçün imtahan verək. Onda Ruf nəyə ümid ola bilərdi, uzaqbaşı kənd müəllimi və ya qadın pansionunda musiqi müəlliməsi olmağa.