O, əlləri və ayaqlarının necə qıc olduğunu duyaraq getdikcə daha dərinliklərə dalırdı. O başa düşürdü ki, suların çox dərin yerindədir. Onun qulaqlarının pərdələri təzyiqdən ağrıyaraq az qala partlayacaqdı, beyni isə elə bil parçalanıb dağılırdı. O, iradəsinin ağlasığmaz bir gücü bahasına özünü suyun daha dərinliklərinə dalmağa məcbur etdi, o vaxta kimi dərinliklərə getdi ki, axırda bütün hava birdən-birə fışqırıb onun ciyərlərindən çıxdı. Hava qovuqları sürüşüb onun yanaqlarından və gözlərindən keçdi və sürətlə suyun üzərinə doğru getdi. Onda boğulmanın verdiyi əzablar başlandı. Lakin Martin öz sönən zəkası ilə başa düşdü ki, bu əzablar hələ ölüm deyildir. Ölüm əzab vermir. Bu hələ həyatdı, həyatın son sarsıntısı, son əzabları idi. Bu, həyatın ona vurduğu son zərbə idi.
Onun əlləri və ayaqları süst-süst hərəkət etməyə başladı! Gecdir! O, həyat eşqini aldatmışdır. O, artıq suyun lap dərinliklərində idi. O, daha üzüb suyun üzünə çıxa bilməzdi. Martinə elə gəlirdi ki, o, yavaş-yavaş, aram-aram əngin lövhələr dənizi ilə üzür. Bəs bu nədir? Elə bil mayakdır! Lakin bu mayak bu parlaq, ağ işıq onun beynində yanırdı. Bu işıq getdikcə hey alışıb parlayırdı. Haradasa dəhşətli bir uğultu qopub ətrafa yayıldı və Martinə elə gəldi ki, sıldırım, nəhəng bir pilləkəndən iti sürətlə başıaşağı, qaranlıq bir uçuruma yuvarlanır. O, bunu aydın başa düşdü! O, qaranlıq bir uçuruma yuvarlanır və bunu anladığı həmin anda huşu həmişəlik onu tərk edir…