Sən bir müəllim, sən bir həkim, sən bir odunçu, sən bir əsgər, sən bir casus, sən bir ölkənin lideri, sən hamımızın tanıdığı adi bir insansan, kiçik adam.
Sən bir türk, sən bir slavyan, sən bir alman, sən bir yəhudi, sən bir fələstinli, sən bir millətin kimliyinə bürünərək özünü digər millətlərdən üstün görən nasistsən, kiçik adam.
İnsanlara saçının, dərisinin, gözlərinin rənginə görə ayrı-seçkilik edən irqçi, insanları inanclarına görə aşağı görən və öldürən radikalsan sən, kiçik adam.
Sən oğullarına ağlamağı qadağan edib qızlarını ağlamağa vadar edən, sən övladlarının sənə uymayan bütün fikir və arzularını tapdalayan o ana-atasan, kiçik adam.
• Səni kiçildən, səni mikroskopik dərəcədə kiçildən səbəblər nədir bilirsənmi? O lənət olası önyarğın. O kinin. Və bitmək-tükənmək bilməyən o cahilliyin.
Kiçiksən sən, çünki bir uşağın ölümünün faciəvi dəyərini onun milliyyətinə, dininə (!) görə ölçüb biçirsən, sanki o uşağın anadan olarkən dinini və hansı millətə mənsub olacağını seçmə şansı varmış kimi. Bu səbəbdəndir ki, İsrail-Fələstin müharibəsində siz zavallı kiçik adamların bir qismi yəhudisevər, digər qismi isə fələstinçi oldu. Bir qisminiz Holokostdakı yəhudilərin halını yada salıb hüznlənərkən, Fələstində elə indi ölməkdə olan uşaqları vecinizə almadınız belə. Adınızı da insanpərvər qoymuşdunuz, halbuki. Digər qisminiz isə din müharibəsi başladarcasına "müsəlmana edilən zülmə susmaq olmaz" deyə şüarlarla çıxış etdiniz və bu şüarlarla əslində müsəlman olmayan hər kəsi çıxdaş etmiş olduğunuzun fərqinə belə varmadınız. Fərqinə varanlarınız da vardı əslində, hansı ki, onlar həqiqətən də, "müsəlman olmayan hər kəs ölsə, yeridir" deyə düşünən kiçik adamlar idi.
Kiçiksən sən çünki, "hədəfə gedən hər yol mübahdır" deyib hər cür çirkinliyə haqq qazandıra bilirsən. Sən öz