Artıq onları ayırd edə bilmirdi, şən səsi ağlar səsdən, uşaq səsini kişi səsindən fərqləndirə bilmirdi, hamısı bir-birinə qarışmışdı; həsrətin acısı və alimin qəhqəhəsi, qəzəbdən doğan fəğan, can üstə olanın iniltisi hamısı vəhdət halında idi, bir-birinə qarışmış, bir-birinə sarılmış, bir-birinə düyünlənmişdi. Bu səslər, hədəflər, həsrət, məşəqqət, sevinc, yaxşılıq, pislik hamısı dünyanın özü idi. Hamısı birlikdə hadisələr çayı idi, həyat musiqisi idi. Və Siddhartha bu çaya, onun min səslə oxuduğu nəğməyə qulaq asdıqda, təkcə iztirabı yox, gülüşü də eşitdikdə, öz ruhunu hansısa bir səsə bənd edib öz Mən-i ilə onun məğzinə varmayaraq hamını dinləyib vəhdəti, bütövlüyü eşitdikdə, bu min səsdən ibarət nəğmə artıq yeganə bir sözdən ibarət olmuşdu, bu, om kəlməsi idi: Kamillik.