“Setralı” mənim üçün sadəcə oxuduğum bir roman deyil – ruhumun sükutuna toxunan bir yol yoldaşı oldu. Bu kitabı oxuyarkən sanki zaman dayanır, məkan çəkilir, insan ruhunun dərin qatları danışmağa başlayır. Əsərin ilk sualı: “Təsadüflərə inanırsınızmı?” məni dərindən silkələdi. Yazıçı bu sadə sualla oxucunun içindəki sükutu oyadır. Mən o sətirləri oxuyanda anladım ki, bəli… bu kitabla qarşılaşmağım da təsadüf deyil. Hər şeyin, hər anın, hər görüşün bir hikməti var. Romanın ideyası mənim üçün budur: inanmaq yaşamağın yeganə yoludur. İnsan ümidi itirdiyi anda ruhunu da itirir. Müəllif deyir ki, hər hadisənin arxasında bir sınaq, bir dərs, bir işıq gizlidir. O işığı görmək üçün sadəcə inam lazımdır.
Əsərdəki obrazlar : Avamti, Texexe, Kladius, Kross- mənim üçün bir insanın ruh yolçuluğunun mərhələləridir.
Avamti – ümidin və imanla hərəkət edən liderin simvolu;
Texexe – nəfsin və hakimiyyət hərisliyinin kölgəsi;
Kladius – müdrikliyin və qədim bilginin səsi;
Kross isə – qaranlıq içində işığı axtaran, günah içində bağışlanma arayan insanın özüdür.
Romanı oxuyanda insan Tanrı ilə münasibətini düşünməyə məcbur olur. Bu əsər bir hekayə deyil, bir etiraf kimidir. Həm yazıçının, həm oxucunun etirafı.
Bəzən sətirlərin arasında susuram, bəzən bir cümlə mənə dua kimi təsir edir. “İnam bədbəxtliyin qatili” ifadəsini oxuyanda içimdən bir istilik keçdi. Çünki doğrudur, inandıqca həyat gözəlləşir, inam itdikcə insan tənha və soyuq qalır. Əsərdəki simvollar “Qantökən” qılıncı, “Üç ox” (zaman, məkan, insan), “Setra meşəsi” həyatın sirrini daşıyır. Hər biri sanki bizi insanın iç aləminə endirir. Yazıçı bu simvollar vasitəsilə həm kainatı, həm də insanı izah edir. “Setralı” romanı mənə çox şey düşündürdü. Oxuduqca həm qorxdum, həm də ümidlə doldum. Qorxdum, çünki içimdəki qaranlığı gördüm;