Yaşadığım müddətdə illərlə eyni tərzdə paltarlar geyinmiş, eyni eynəyi taxmışdım. Görünür bu dünyəvi şeylər artıq mənim ruhumun bir parçasına çevrilmişdilər. Mən bu paltosuz, bu eynəksiz və hətta bu qara, laklı tuflilərsiz tam olaraq mən sayılmazdım.
İntihara meylli birinə çevrilmişdim. Bu intihar meyli mənim həyatımı tamamilə durğun bir vəziyyətə gətirmişdi. Artıq nə nəsə etmək, nə kimisə görmək, nə də harasa getmək istəyirdim. Ard-arda intihar cəhdləri edirdim və xüsusi bir bacarıqsızlıqla heç bir cəhddə ölməyi bacarmırdım. Bu mənim ən çox bilinən xüsusiyyətim idi: bacarıqsızlıq. Hərdəmxəyal idim, fərsiz idim və hər işi əlimə-üzümə bulaşdırırdım. Həyatımda məhv olan hər şeyin günahkarı da elə özüm idim.
Hadisələrin axarı üzərində heç bir hakimiyyətim yox idi. Buna təəccüblənmirdim, artıq həyatımı bitirmişdim və həyatım boyunca hadisələr üzərində olan hakimiyyətdən belə istifadə edə bilməmişdim. Kaş yaşadığım müddətdə də hər şey belə öz axarı ilə davam etsəydi mənim heç nə etməyimə ehtiyac olmadan.
Ən böyük uçurum isə özümlə aramda yaranan uçurum idi. Bir kainat böyüklüyündə və elə kainat kimi hər gün daha da genişlənən.
Hər səhər gözümü açdıqda ilk düşündüyüm şey ölüm idi, hər gecə yatmazdan əvvəl arzuladığım şey həmçinin. Amma bundan o tərəfə keçmirdi, bu istək sözdə qalırdı. Ölümü düşünmək günahlarımla arama qoyduğum bir çəpər kimiydi.
Bu şou idi, özümü cəzalandırma üsulum. Mən ölmək istəmirdim, sadəcə ölümü düşünməyi sevir, bir tək intihar arzularında hüzur tapırdım.
Bacarıqsız biri olduğumun fərqindəyəm. Heç vaxt heç kimi məmnun etməyi bacarmamışam. Heç özüm də məmnun olmamışam. Amma ən azından ruhumun hüzur tapmasını istəyirəm.
"Ümidvaram ölüm materialistlərin dediyi kimi sadəcə məna yüklənən bir boşluq, bir heçlik deyildir. Çünki mən günahlarımın